Jan Mare

Jan Mare

Aktyor

BİOQRAFİYA

Jan Mare 11 dekabr 1913-cü ildə Şerbur şəhərində (Fransa) anadan olub. O, məktəbdə oxuyarkən Duqlas Ferbenks və Erol Flintin ekranda yaratdığı romantik qəhrəmanların vurğunu olub. Lakin bununla belə, Jan gənc yaşlarından teatr və rəssamlığa böyük maraq göstərirdi. Aktyorun yaradıcılıq bioqrafiyasını diqqətlə izləsək, görərik ki, onun teatr və kino fəaliyyətindəki ilk addımlar asan olmayıb. Antik qəhrəmanlara məxsus bədən quruluşu, qadınları cəlb edən yaraşıqlı və gözəl xarici görünüşü olmasına baxmayaraq, gənc Mare bəzi rejissorların fikrincə, bacarıqsız və perspektivi olmayan artist hesab olunurdu. O, üç dəfə Paris konservatoriyasının dram sinfinə imtahan versə də, adını qəbul olunanların siyahısında görməyib. Sonra 20 yaşlı Jan kino çəkilişində öz qüvvəsini sınamaq istəyib. Rejissor Marsel Lerbye onu əvvəlcə özünə assistent götürür, sonra isə yaxşı aktyor olacağına inanmasa da, onu "Xoşbəxtlik", "Təzə adamlar" və "Alovlu gecələr" filmlərində epizodik rollara çəkir. Marenin yaradıcı şəxsiyyət kimi yetişməsində şair, dramaturq və rejissor Jan Koktonun böyük təsiri olub. Mare teatr səhnəsində ən yaxşı rollarını Koktonun yazdığı "Şah Edip", "Dəyirmi stolun cəngavərləri" və "Dözülməz valideynlər" pyeslərində oynayıb. Jan Marenin ifaçılıq tərzi emosionallığı, temperamenti, ifadəli və təsiredici gücü ilə, eyni zamanda intellektuallığı, plastik davranışı və yüksək səhnə mədəniyyəti ilə tamaşaçını valeh edirdi. Jan Marenin kinoda ilk böyük işi 1941-ci ildə rejissor J.Baronsellinin çəkdiyi "Yandırılmış ev" filmidir. 40-50-ci illərdə isə o, romantik rolları oynamaqla məşhur olub. "Əbədi qayıdış"da (1943) Patris, "Karmen"də (1943) Xose, "Praf Monte-Kristo"da (1953) Edmon Dantes, habelə J. Koktonun rejissorluğu ilə çəkilmiş "Gözəlcə və əjdaha" (1946), "İkibaşlı qartal" (1947), "Orfey"(1949), "Orfeyin vəsiyyəti" (1960), görkəmli İtalyan rejissoru Lukino Viskontinin "Bəyaz gecələr"(1957) filmlərində və Fantomas haqqında seriallarda yaddaqalan rollar yaradıb. Kino həvəskarları "Kapitan Frakass", "Parisin sirləri" və "Dəmir maska" filmlərində Marenin oynadığı qəhrəmanları böyük məhəbbətlə seviblər. Jan Mare filmlərə çəkilməklə bərabər, teatr səhnəsində də işini davam etdirirdi. Jan Mare 1974-cü ildə Fransanın Aktyorlar İttifaqına rəhbərlik edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Jan_Mare

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç