Oliver Stoun

Oliver Stoun

Rejissor, ssenarist, prodüser, aktyor, operator, montajçı

BİOQRAFİYA

Uilyam Oliver Stoun 15 sentyabr 1946-cı ildə Nyu-York şəhərində (ABŞ) anadan olub. Stounun atası yəhudi, anası katolik tərbiyəsi almış fransızdır. Ancaq valideynləri dindar olmayıb və əldə olunan razılığa əsasən, kinorejissor Yevangeliya məktəbinin yolunu tutub (hazırda Stoun özünü buddist hesab edir). Atası Luis Silverstayn broker olub, Amerikaya köçdükdən sonra tələbəlik illərində soyadını amerikanlaşdıraraq Stouna dəyişib. Anası Jaklin Qodde parisli çörəkçinin qızı olub. Valideynləri 35 yaşlı mayor Luis Stoun Avropada ezamiyyətdə olarkən tanış olublar. 1962-ci ildə valideynləri boşanıb, anası isə Avropaya qayıdıb. Oliveri atası böyüdüb. Pensilvaniya kollecini bitirdikdən sonra Oliver doğma şəhəri Nyu-Yorka qayıdıb və Yel Universitetinə daxil olub. Ancaq orada 1 ildən də az oxuyub və ingilis dili müəllimi işləmək üçün Cənubi Vyetnama yollanıb. Bir ildən sonra Oreqon ştatına, daha sonra isə Meksikaya köçüb. 1967-ci ildə hərbi xidmətə çağrılıb və yenidən Vyetnama yollanıb. 1967-ci ilin sentyabr ayından 1968-ci ilin noyabr ayında kimi Vyetnamda döyüşüb. “Bört” motoatıcı qüvvələr bazası uğrunda gedən irimiqyaslı döyüşlərdə iştirak edib və iki dəfə yaralanıb. Müharibədən bir neçə hərbi mükafatla qayıdıb (“Bürünc ulduz”,“Fırfır ürək”). Vətənə döndükdən sonra Nyu-York Universitetinə daxil olub, Martin Skorsezenin şagirdlərindən olub. Rejissor olaraq ona ilk böyük şöhrət gətirən film elə öz şəxsi həyat təcrübəsi əsasında (ssenarisini də özü yazıb) lentə aldığı, Vyetnam müharibəsindən bəhs edən “Bölük” (Platoon, 1986) filmi olur. Həmçinin “Con F. Kennedi: Dallasda atəş səsləri” (1991), “İsgəndər” (2004), “4 iyulda doğulmuş” (1989) “Anadangəlmə qatillər” (1994) filmlərinə görə tanınır. 2017-ci ildə Rusiya Prezidenti Vladimir Putinlə müsahibəsini sənədli film şəklinə salaraq, “Putinlə Müsahibə” adlı dördepizodlu televiziya serialı ərsəyə gətirib. Keçmiş Kuba diktatoru Fidel Kastro ilə yaxın münasibətlərinə görə ABŞ-da birmənalı qarşılanmır. 1999-cu ildə üzərində şəxsi istifadə miqdarından artıq narkotik vasitə aşkarlandığına görə həbs olunub. Məhkəmənin qərarı ilə icbari reabilitasiya proqramına göndərilib. 2005-ci ildə yenidən narkotik vasitələrlə əlaqədar saxlanılıb. 15 min dollar girov müqabilində şərti azad edilib. Şəxsi həyatına gəlincə, Oliver Stoun üç dəfə evli olub və üç övladı var. Nayva Sarkis ilk həyat yoldaşı sayılır. 1971-ci ildə evləniblər, 1977-ci ildə isə boşanıblar. 6 iyun 1981-ci ildə isə Elizabet Stounla ailə qurub. Onların 1984-cü il təvəllüdlü Şon Kristofer və 1991-ci il təvəllüdlü Maykl Cek adlı iki övladı var. Şon atasının bir neçə filmində uşaq rollarına çəkilib. Oliver və Elizabet 1993-cü ildə yollarını ayırıb. 2012-ci ildə oğlu Şon Stoun İrana səfər edərək İslam dinini qəbul edib (Şiyə) və özünə Əli adını götürüb. Oliver Stounun üçüncü həyat yoldaşı isə Sun-Çjun Yunqdur. Birgə nikahdan Tara adlı qızları var. Üçqat “Oskar” laureatıdır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Oliver_Stone

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç