Nəsibə Zeynalova

Nəsibə Zeynalova

Aktrisa

BİOQRAFİYA

Nəsibə Zeynalova 20 aprel 1916-cı ildə Bakıda doğulub. Atası Kərbəlayi Cahangir Bakıda anadan olub və tanınmış tacir, eyni zamanda aktyor idi. Azərbaycan milli realist aktyor məktəbinin banisi məhz Cahangir Zeynalov olub. İlk və yeganə övladı olanda arzu edib ki, qızı onun sənətini davam etdirsin. Ancaq bu arzusunun reallaşdığını görmək ataya nəsib olmayıb. 1918-ci ilin mart ayında erməni daşnakları Bakıda kütləvi qırğınlar törədəndə Cahangir Zeynalov ailəsi ilə İrana yollanır. Sentyabrda Bakıya qayıdanda gəmidə yatalaq xəstəliyinə tutulan Cahangir Zeynalov qısa müddətdən sonra vəfat edir. Onda balaca Nəsibənin iki yaşı vardı. Böyüdükdən sonra o, atasının arzusunu həqiqətə çevirir. Ömrünü Musiqili Komediya Teatrı ilə bağlayan aktrisa sənət ocağının müəyyən fasilələrlə truppa filarmoniyanın nəzdində dəstə-ansambl şəklində fəaliyyət göstərdiyi illərdə də kollektivdən ayrılmayıb. Aktrisa Azərbaycan klassik operettalarının tamaşalarında Gülpəri, Cahan xala, Sənəm ("Ər və arvad", "Arşın mal alan" və "Məşədi İbad", Üzeyir bəy Hacıbəyov), Mələk xanım və Kələk xanım ("Əlli yaşında cavan", Zülfüqar bəy Hacıbəyov) kimi xarakterik səhnə obrazlarında çıxış edib. Aktrisanın zəngin rollar qalereyasında tərcümə əsərlərində ifa etdiyi Kabato və Barbale ("Keto və Kote", Vladimir Dolidze. Tərcümə edəni Şəmsi Bədəlbəyli), Ziraldina ("iki ağanın bir nökəri", Karlo Haldoni və musiqi tərtibatçısı Şəmsəddin Fətullayev), Zivər xanım ("Məhəbbət gülü", türkmən dramaturqu Muxtar Hüseynov və Süleyman Ələsgərov), Alma ("Şirin arzular". Tərcümə edənləri Ə.Süleymanov və Abdulla Qüdrət), Qesiya ("Tiflis nəğməsi", Levon Cubabiriya və Şota Milorava. Tərcümə edəni Adil Babayev), Gülbadam ("Qız anası") rollarının xüsusi yeri var. Nəsibə Zeynalovanın yaradıcılığının ən parlaq dövrü isə çağdaş bəstəkarların müasir mövzusu musiqili komediya əsərlərinin tamaşalarındakı bir-birindən fərqlənən komik personajların ifası ilə bağlıdır. Bu baxımdan aktrisa aşağıdakı rolların əvəzsiz ifaçısı sayılır. Xüsusilə, Cənnət xala, Nargilə, Züleyxa rolları zəngin ifadə vasitələri, yumorun milliliyi, təbii reallığı ilə səhnəmizin nadir inciləri sırasında durur. Azərbaycan televiziyasında onlarla yumoristik səhnəciklərdə, teletamaşalarda, intermedialarda çıxış etmiş Nəsibə Zeynalova həmçinin "Azərbaycanfilm"in çoxlu ekran əsərlərinə çəkilib. Kino obrazları içərisində Fatmanisə ("Ögey ana"), Telli ("Böyük dayaq"), Züleyxa ("Ulduz"), Cənnət xala ("Qaynana"), Gülsüm ("Molla Fətəlinin sərgüzəşti"), Əsli xala ("Bəyin oğurlanması") rolları daha canlı və daha şöhrətlidir. Rejissor Cahangir Zeynalovun anasıdır. Nəsibə Zeynalova 10 mart 2004-cü ildə Bakıda vəfat edib. Məzarı Fəxri Xiyabandadır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/N%C9%99sib%C9%99_Zeynalova

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç