Sandra Bullok

Sandra Bullok

Aktrisa, prodüser

BİOQRAFİYA

Sandra Bullok 26 iyul 1964-cü ildə Vaşinqtonda (ABŞ) anadan olub. Anası Helqa Meyer opera müğənnisi olub, almandır (2000-ci ildə vəfat edib), atası Con Bullok ABŞ-ın Alabama ştatındandır, vokal müəllimi olub. Sandranın özündən kiçik Cezin adlı bacısı var, hüquqşünasdır. Sandra 12 yaşınadək Almaniyada böyüyüb, Аnder-Ştaynplatte məktəbində oxuyub və balet dərsləri alıb. O, yeniyetmə olanda ailəsi yenidən Vaşinqtona qayıdır, ABŞ-da Şimali Karolina universitetində aktyorluq kurslarını bitirir və Nyu-Yorka köçür. Əvvəllər bu şəhərdə barlarda və restoranlarda ofisiant işləyib. Daha sonra teatr aktrisası kimi fəaliyyətə başlasa da, Nyu-Yorkda çox qala bilmir. Los-Ancelesə köçən aktrisa burada kinoaktrisa kimi karyerasına başlayır. İlk ciddi rolunu “İşləyən qız” komediya serialında alıb. Sandra Bullokun məşhurlaşması isə uzun vaxt alır. O, yanlız 1993-cu ildə çəkildiyi “Sevgi içkisi nömrə 9” komediyası və Piter Boqdanoviçin “Sevgi adlandırdıqları şey” musiqili dramlarından sonra müəyyən qədər məşhurlaşmağı bacarır. Elə həmin il çəkilən “Dağıdıcılar” filmində Silvestr Stallone və Uesli Snaypsla birlikdə rol alır və film prokatlardan 60 milyon dollar qazanmaqla böyük uğura imza atır. Növbəti ildə isə o, Kianu Rivzlə birlikdə “Sürət” filminə çəkilir. Film hitə çevrilir və 350 milyon dollar gəlir gətirir. Məhz bu filmlərdən sonra Sandra Bullok dünya şöhrətli aktrisaya çevrilir. Aktrisa “Sən yatanda”, “Öldürmək vaxtıdır”, “Sürət 2”, “Təbiətin gücü”, “Supercasus”, “28 gün”, “Toqquşma”, “Öncəgörmə”, “Təklif” filmlərində yaddaqalan rollar yaradıb. 2010-cu ildə “Görünməyən tərəf” filmindəki işinə görə "Ən yaxşı aktrisa" kateqoriyası üzrə “Oskar”a namizəd göstərilib. Sandra Bullok alman dilində sərbəst danışır. İki dəfə ABŞ Qırmızı Xaç Cəmiyyətinə 1 milyon dollarlıq yardım edib. Uzun müddət "Porsche" sürüb, 2004-cü ildə "Prius"a keçib. 2005-ci ildə Bullok televiziya aparıcısı və motosikl istehsalçısı Cessi Ceymsə ərə gedir. 2010-cu ildə cütlük Luis Bardo adlı oğlanı övladlığa götürür. 2010-cu ildə Sandra Bullok "Görünməyən tərəf" filmində "Ən yaxşı qadın rolu"na görə "Oskar" alandan sonra mətbuat Cessinin ona xəyanət etdiyini yazır və bir müddət sonra Cessi bunu təsdiqləyir. Elə həmin il onlar boşanırlar. Sandra Bullok Cessinin atalıq hüququndan da məhrum edilməsi barədə vəsatət qaldırır. 2015-ci ildə Sandra Lilu adlı qızı (2012-ci il təvəllüdlü) övladlığa götürür.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Sandra_Ballok

FİLMOQRAFİYA
Prodüser
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç