Valeri Kərimov

Valeri Kərimov

Operator

BİOQRAFİYA

Valeri Kərimov 26 iyun 1945-ci ildə Bakıda anadan olub. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına gəlməmişdən əvvəl istehsalatda çalışıb, "Bakıtuneltikinti" idarəsində fəhlə işləyib. Fotoqrafiya ilə məşğul olduğu üçün bir qədər sonra iş yerini dəyişərək kinostudiyaya gəlmişdi. Burada işıqçı işləyən gənc oğlan kinostudiyanın qaynar həyatına tez alışır, rəhbərlik onun işgüzar olduğunu görüb xronika şöbəsinə keçirir. Valeriyə operator assistenti vəzifəsi tapşırılır. 1969-1974-cü illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda kinooperator fakültəsində təhsil alıb. Bakıya, doğma kinostudiyaya qayıtdıqdan sonra gənc operatorun ilk böyük işi "Çarvadarların izi ilə" bədii televiziya filmi oldu. Film yazıçı və dramaturq İlyas Əfəndiyevin məşhur "Körpüsalanlar" romanının motivləri əsasında 1974-cü ildə lentə alınıb. Çarvadarlar qədimdə keçilməmiş yerlərdən, təhlükəli cığırlardan yol salıb, yerli sənətkarların hazırladıqları malları uzaq ölkələrə aparan cəsur oğullara deyirdilər. Filmin adı da buradan götürülmüşdü. Əsərin qəhrəmanları ulu babalarının açdıqları cığırla gedərək yollar çəkən inşaatçılardır. Filmdə mövzu ilə bağlı çox maraqlı və göz oxşayan mənzərələr var. Operator həmin mənzərələri sevərək lentə almış, Azərbaycanın təbiətini, zəhmət adamlarını tamaşaçılara sevdirə bilmişdi. Həmin il (1974) Valeri "Ömrün səhifələri" kinoalmanaxında iki novellanı çəkməyə dəvət alır. "Baladadaşın ilk məhəbbəti" novellasında rejissor F. Əliyevlə, "Nəğmə dərsi"ndə isə rejissor G.Əzimzadə ilə işləyir. Birinci filmdə ilk məhəbbətin təmiz və ülviliyindən söhbət açılır, ikinci filmdə isə şəxsi həyatı uğursuz qurulan gənc fəhlənin balaca oğlu ilə gizli görüş və söhbətlərindən danışılır. Göründüyü kimi, hər iki filmdə gənc qəhrəmanların keçirdikləri hiss və həyəcanlar, onların hadisələrlə bağlı psixoloji vəziyyətləri ön plana çıxarılıb. Valeri Kərimovun çəkdiyi filmlər müxtəlif janr və mövzudadır. "Alma almaya bənzər", "Yuxu" kinokomediyalarını, lirik-macəra janrında olan "De ki, məni sevirsən", "Qaladan tapılmış mücrü" ekran əsərlərini, detektiv janrda çəkilmiş "Arxadan vurulan zərbə" filmini, "Qızıl uçurum" melodramını, "Qorxma, mən səninləyəm", "Yarımçıq qalmış serenada" musiqili filmlərini, "Ailə" sosial-dramını, müharibə mövzusunda çəkilmiş "Sizi dünyalar qədər sevirdim", müasir mövzuda olan "Bir ailəlik bağ evi", "İlıq dənizdə buz parçası", "Ötən ilin son gecəsi", "Avqust gələndə", "Yay gününün xəzan yarpaqları", "Sürəyya" və sair filmləri misal göstərmək olar.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Valeri_K%C9%99rimov


FİLMOQRAFİYA
Operator
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç