Rəşid Behbudov

Rəşid Behbudov

Müğənni, aktyor

BİOQRAFİYA

Rəşid Behbudov 14 dekabr 1915-ci ildə Tiflisdə xanəndə Məcid Behbudov Behbudalı oğlunun ailəsində dünyaya gəlib. Anası Firuzə Vəkilova isə Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar nəslinə mənsub idi. Uşaq yaşlarından məktəb xorunda oxuyan Rəşid 1933-cü ildə Dəmiryolu Texnikumuna daxil olur. Təhsili dövründə tələbə özfəaliyyət orkestrində çalışıb. Hərbi xidməti zamanı ordu ansamblının solisti olan Rəşid Behbudov əsgəri xidmətdən sonra Tbilisi estrada qruplarından birində solistlik edir və tezliklə bəstəkar A.Eyvazyanın rəhbərlik etdiyi Ermənistan Dövlət Caz orkestrində solistliyə başlayır. 30-cu illərdə Ermənistan Dövlət Opera və Balet Teatrında klassik operaların xor səhnələrində solo oxuyur. 1939-cu ildə həmin teatrın truppası ilə birlikdə Moskvada Ermənistan incəsənəti günlərində iştirak edir. 1942-ci ildə kollektivlə birgə Krım cəbhəsinə yollanır. 1943-cü ilin sonunda "Bakı" kinostudiyasında Üzeyir Hacıbəyovun eyniadlı operettasının motivləri əsasında çəkilən "Arşın mal alan" filmində baş rola dəvət alır. 1945-ci ildə film efirə çıxır və çox tez bir zamanda nəinki Azərbaycanda, bütün Sovet İttifaqında böyük populyarlıq qazanır. 1946-cı ildə bu filmdəki Əsgər roluna görə Rəşid Behbudov "Stalin mükafatı" ilə təltif olunur. 1946-1956-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-1960-cı illərdə fasilələrlə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, 1957-1959-cu illərdə Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olub. 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomim kimi müxtəlif janrlarını üzvi surətdə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil edir və ömrünün sonunadək onun solisti və bədii rəhbəri olur.
Bütün Sovet respublikaları ilə yanaşı, Argentina, Bolqarıstan, Belçika, Çili, Çin, Efiopiya, Finlandiya, Hindistan, İran, İraq, İtaliya, Misir, Türkiyə və s. ölkələrdə geniş repertuarla çıxış edən Rәşid Behbudov, Azərbaycan xalq mahnılarının və Azərbaycan bəstəkarlarının vokal əsərlərinin xarici ölkələrdə populyarlaşmasında çox böyük rol oynayır. Rәşid Behbudov Hindistana səfəri haqqında "Uzaq Hindistanda" kitabını yazır. Həyat yoldaşı Ceyran xanım 3 may 2017-ci ildə vəfat edib. Qızı Rəşidə Behbudova (1965) atasının sənətini davam etdirir. Rəşidə Behbudova Azərbaycanın əməkdar artistidir. Dahi sənətkar 1989-cu il iyunun 9-da Moskva şəhərində uğursuz cərrahiyyə əməliyyatından sonra vəfat edib. Bakıdakı Fəxri Xiyabanda dəfn edilib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:


https://az.wikipedia.org/wiki/R%C9%99%C5%9Fid_Behb...

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç