Nataşa Riçardson

Nataşa Riçardson

Aktrisa, prodüser

BİOQRAFİYA

Nataşa Ceyn Riçardson 11 may 1963-cü ildə London şəhərində (İngiltərə) aktrisa Vanessa Redqreyv və rejissor Toni Riçardsonun ailəsində anadan olub. Valideynləri 5 il sürən nikahdan sonra 1967-ci ildə boşanıblar. Uşaqlığından bəri kinolara çəkilir. Böyük ekranlarda debütünü “Yüngül süvari dəstəsinin hücumu” (1968) filmində oynadığı epizodik rolla həyata keçirib. İlk səhnə təcrübəsini Şekspirin “Yay gecəsində yuxu” tamaşasında Helena, “Hamlet” tamaşasında Ofeliya rollarında toplayıb. Karyerasında yüksəliş dövrü 1986-cı il hesab olunur. Belə ki, gələcək həyat yoldaşı olacaq Robert Foksun Çexovun “Qağayı” əsəri əsasında lentə aldığı filmdə Nina rolunu oynayır. Həmin rol ona populyarlıq gətirir və bir sıra kino- televiziya layihələrinə dəvətlər alır. 1980-ci illərin sonuna kimi əsasən televiziya filmlərinə çəkilir. Məşhur Redqreyvlər sülaləsinin nümayəndəsidir. Vanessa Redqreyv və rejissor Toni Riçardsonun qızı, Maykl Redqreyv və Reyçel Kempsonun nəvəsidir. Daha çox “Qotika” (1986), “Patti Herst” (1988), “Xadimənin hekayəsi” (1990), “Nell” (1994), “Valideynlər üçün tələ” (1998), “Xanım xadimə” (2002) və “Ağ qrafinya” (2005) filmlərində oynadığı rollara görə tanınır. “Toni”, “Drama desk” və digər mükafatların qalibi olub. Şəxsi həyatına gəlincə 1990-1992-ci illər ərzində prodüser, rejissor Robert Foksla evli olub. 1994-cü ildə tanınmış aktyor Liam Nisonla ailə qurub. Nikah öldüyü günə qədər (2009) davam edib. Ona ərə getməsi hesabına ABŞ vətəndaşlığı əldə etməyə nail olub. Birgə nikahdan 1995-ci il təvəllüdlü Riçard Antonio Nison və 1996-cı il təvəllüdlü Daniel Cek Nison adlı iki övladları var. 16 mart 2009-cu ildə Riçardson Kvebekdə yerləşən Mon-Tremblan dağ-xizək kurortunda kəllə-beyin travması alıb. Dağ-xizək kurortunun əməkdaşları əmin edir ki, o yeni başlayanlar üçün nəzərdə tutulan trasda şlemsiz sürüşüb və xəsarət aldıqdan sonra tibbi müayinədən imtina edib. Ancaq bir müddətdən sonra aktrisanın halı pisləşib. O komaya düşüb və onu Monreal xəstəxanasına çatdırıblar. Həkimlər onun beyninin öldüyünü və orqanlarını canlı saxlamağın mənasız olduğunu bildirdikdən sonra, ailəsi süni tənəffüs aparatının söndürülməsinə razılıq verib və aktrisa rəsmi olaraq ölmüş elan edilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%A0%D0%B8%D1%87%D0%B0%D1%80%D0%B4%D1%81%D0%BE%D0%BD,_%D0%9D%D0%B0%D1%82%D0%B0%D1%88%D0%B0

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç