Rober Osseyn

Rober Osseyn

Əslən azərbaycanlı fransalı aktyor

BİOQRAFİYA

Rober Osseyn — əslən azərbaycanlı olan Fransız aktyoru. Rober Osseyn 2015 Avropa Oyunlarının məşəldarlarından biri olub. Rober Osseyn Avrasiya Akademiyasının üzvlərindən biridir. Rober Osseyn 1927-də Parisdə anadan olub. Atası Əminulla Hüseynov Səmərqənd azərbaycanlılarından idi. Oktyabr çevrilişindən sonra Fransaya mühacirət etmişdi. Rober Osseyn daha çox teatrda fəaliyyət göstərsə də, kinoda da aktyor və rejissor kimi tanınmışdır. Ən məşhur rolu Joffrey de Peyrak obrazı olub. Rober Osseynin kino karyerası Pol Kadeakın 1954-cü ildə çəkdiyi «Sarışınlar sahili» filmindəki rolu ilə başlayıb. Qamətli, aydın sifətli, duru baxışlı gənc — o, kino həvəskarlarının yadında beləcə qalıb. Təbii ki, hər şeydən əvvəl Roberi tamaşaçılara sevdirən onun istedadı, təbii oyunu, ustalıqla yaratdığı maraqlı ekran qəhrəmanlarıdır. Hansı mövzulu filmlərdə çəkilirsə çəkilsin, Roberin qəhrəmanları tamaşaçıya yaxındır, əzizdir. O, qəhrəmanlarını sevməyi və sevdirməyi bacarır. Yaradıcılığı həmişə kino həvəskarlarının diqqət mərkəzində olub. Çəkildiyi filmlərin bir çoxu Azərbaycan tamaşaçılarına da yaxşı tanışdır və sənətkarın bizdən ötrü bir özəlliyi budur ki, onun damarlarından azərbaycanlı qanı axır. Rober Osseynin yaradacılığına nəzər salanda görürük ki, sənətə gəlişi təsadüfi olmayıb. Əvvəla, ona görə ki, Rober sənətçi ailəsində dünyaya göz açıb. Atası Əminulla Hüseynov dövrünün bəstəkarı, musiqiçisi kimi tanınıb. Paris həyatına qaynayıb-qarışmaqdan ötrü o, Andre Osseyn adıyla çıxış eləyib. Əslən səmərqəndli, milliyətcə azərbaycanlı olan Əminulla Hüseynov sovet hakimiyyəti qurulduqdan sonra mühacir dalğasının vətəndən uzaqlara atdığı ziyalılardandır. Berlində rus mühacirinin qızı Anna Minevskaya ilə tanış olur, onunla evlənməyi qərara alır. Bir neçə aydan sonra Parisə köçürlər. İlk baxışdan qayğısız və cəlbedici görünən dəbdəbəli Paris həyatı gənc ailəni o qədər də xoş və gülərüz qarşılamır. 1927-ci ildə Əmunulla Hüseynov və Anna Minevskayanın övladı dünyaya gəlir, adını qoyurlar Rober. Roberin uşaqlığı çətin keçib, bu, alənin maddi durumuyla bağlıydı. Əminula Hüseynov restoranlarda ifaçılıq eləyir, həyat yoldaşı Anna isə rus mühacir teatrında səhnəyə çıxır. Əlbəttə, bütün bu səylər ailəni çətinliklərdən qurtara bilmir. Məktəb haqqının ödəyə bilmədiyi üçün balaca Rober dəfələrlə oxuduğu internatları dəyişməli olur. Fransada doğulsa da, valideynlərinin simasında mühacir həyatının nə demək oluğunu aydın görürdü. Roberin təhsildə elə də uğurları omayıb. O, dərsdən yayınıb tənhalığa çəkilməyi, bir kənarda oturub həyətdə, küçədə baş verənləri, insanları müşahidə etməyi sevirdi. Bəlkə də sonradan onu sənətə gətirən məhz müşahidə edə bilmək qabiliyyəti olub. O, insanları düşündürən həyati problemlərə, onların hisslərinə, qayğılarına biganə deyildi. Əlbət, ona görə ki, Roberin özü də bu qayğıların içində böyüyürdü.Roberin sənətə olan həvəsi getdikcə artırdı. Öz yolunu müəyyənləşdirmək vaxtı çatmışdı, seçim qarşısındaydı. Dram dərnəklərində məşğul olması, məşhur Rene Simon kursunu bitirməsi və «Qran qinol» teatrında çıxışları onun sənətdə atdığı ilk addımları idi. Əlbəttə, gənc Rober yaxşı bilirdi ki, şöhrət adama birdən-birə, heç də asanlıqla nəsib olmur. Şöhrətə aparan yolun yoxuşu, enişi var və bu yolun yolçusu sınaqlardan çıxmalıdı, öz üzərində işləməli, çalışmalıdı.Rene Simon kursunda aktyorluqla yanaşı, rejissorluq təcrübəsinə də yiyələnmişdi. Ümumiyyətlə götürəndə, onu demək olar ki, Rene Simon məktəbi çox gəncin həyat yoluna, yaradıcılığına yaşıl işıq yandırıb, bu kursu bitirənlərin çoxu sonradan Fransanın tanınmış teatr və kino sənətkarları kimi yetişmiş, məşhurlaşmışlar.İlk dəfə ekrana çıxanda Rober 21 yaşındaydı. Əlbəttə, onun jan Deplaunun «Suvenir» filmindəki debütü uğurlu sayıla bilməzdi, odur ki, o heç nəylə yadda qalmadı. Təcrübəsizlik istər-istəməz öz sözünü deyirdi. Başlıcası o idi ki, Rober ruhdan düşmədi, o özünə inanırdı, məhz bu inamın nəticəsiydi ki, 1954-cü ildə daha bir filmdəki oyunuyla öz sözünü deyə bildi, fransız kinosu Rober Osseynin simasında yeni bir istedadı aşkar elədi, tapdı. Kino tənqidçilərinin onun haqqında yazdıqları ümidverici məqalələr gənc Roberin özünə olan inamını daha da artırdı. Enlikürək, qədd-qamətli, sərt çöhrəli gənci tamaşaçılar daha çox mənfi rolların ifaçısı kimi, mənfi auralı bir aktyor kimi qəbul edirdilər. O, təhlükəli cinayətkar, quldur və məkrli insan rollarını özünəməxsus bir ustalıqla oynayırdı. «Düseldorflu vampir» adlı psixoloji-kriminal dramındakı Pyotr Kurten də məhz belə obrazlardandır. Rober Osseyn tamaşaçı sevgisini bu yolla qazandı, ürəkləri bu yolla fəth elədi. O, tamaşaçı sevgisini öz qəhrəmanlarına oyatdığı nifrətdən qazanırdı.Rober Osseyn və Marina Vladiİlk uğurlu filminin ekranlara çıxdığı vaxtdan bir il sonra, 1955-ci ildə Rober Osseyn özündən on yaş kiçik olan gənc aktrisa Marina Vladiylə evlənir. Bu evliliyin fransız kinosuna nə verəcəyini mətbuat çəkçevir eləyir, tənqidçilər təzadlı fikirlər söyləyirdilər. Əslində bu təbii idi, sənət adamlarının həyat və yaradıcılığında evlilik öz müəyyən təsirini göstərməyə bilmir. Həm Reber Osseynin, həm də Marina Vladinin yaradıcılığına nəzər salanda belə qənaətə gəlmək olur ki, onların evliliyi sənətə yeni bir aktyor dueti bəxş eləyib və bundan fransız kinosu udub, qazanıb. Belə götürəndə, onları birləşdirən də elə kino olub. Onlar evdə ər-arvad, çəkiliş meydanında isə hansısa əsərin bir-birini dəlicəsinə sevən personajları idilər. Mən Rober Osseynin ekran əsərlərindən əvvəl Marina Vladinin filmini görmüşəm. Kuprinin eyni adlı əsəri əsasında çəkilən «Cadugər qız» filminə uşaq vaxtı ucqar əyalət qəsəbəsində, soyuq bir payız axşamı, qış klubunun qızdırılmayan zalında baxmışam. Film mənə o qədər maraqlı gəlirdi ki, zaldakı soyuğu belə hiss eləmirdim. Ekrandakı təsirli hadislər, epizodlar tamaşaçıları öz sehrinə salmışdı. Film çox maraqlı bir ekran əsəri kimi yadda qalmaqla yanaşı, Kuprini bizə sevdirdi, sinfimizdə o yazıçını tanımayan, oxumayan şagird yox idi.Marina Vladi öz həyat yoldaşı ilə birlikdə bir neçə filmə imza atmış, uğurla çəkilmişdir. Rober Marinanı özünün ilham pərisi sayırdı. Evlilikləri barədə Osseyn belə deyir. «Mən Marinanı ilk dəfə görəndə onun on beş yaşı vardı, balet məktəbində oxuyurdu. Məndən on yaş kiçik idi. Otağımın divarlarını onun şəkillərilə bəzəmişdim. O, adamın ağlını başından çıxaracaq dərəcədə gözəl, alagöz, nərmənazik qız idi. Onda mən «Yaramazlar cəhənnəmə gedirlər» adlı ilk filmimi çəkməyə hazırlaşırdım. Marinanı baş rolda çəkilməyə dəvət elədim, o razılaşdı. Çəkiliş meydançasından isə bizim məhəbbətimiz başladı…»Sovet tamaşaçıları Rober Osseyni Marina Vladidən çox sonralar tanıdı. «Hökm», «İkinci həqiqət» Roberin sovet prokatında göstərilən ilk filmləriydi. Altmışıncı illərin ortasında ekranlara çıxan, Anjelikanın sərgüzəştlərindən bəhs edən melodramdakı qraf de Peyrak obrazıyla isə o, tamaşaçıların sonsuz sevgisini qazandı və daha çox bu roluyla yadda qaldı. Mətbuatda bu rolu Osseyn yaradıcılığının zirvəsi adlandıranlar da var. Elə aktyorun özü də buna böyük önəm verir. Müsahibələrindən birində deyir ki, mən qəbrimin baş daşında özümün yox, jofre de Peyrak obrazının əksinin çəkilməsini istərdim… Edamdan yaxa qurtaran qraf de Peyrak öz sevgisi uğrunda usanmadan, qorxub çəkinmədən mübarizə aparır və subut eləyir ki, Anjelikanın məhəbbətinə layiqdir. Bu film az qala bütün fransızların idealına çevrilib. Deyirlər əgər kinematoqraf olmasaydı belə, təkcə «Anjelika»ya görə onu kəşf etməyə dəyərdi.Rober Osseyn səksəndən çox ekran əsərində çəkilib. Onlardan bəzilərinin rejissoru da özüdür. Ümumiyyətlə götürəndə isə, Roberin yalnız kinoda deyil, teatrda da uğurları çox olub. Kinoda olduğu kimi, onun səhnə qəhrəmanları da tamaşaçılara doğmadı, yaxındı. İstər ekranda olsun, istərsə də teatrda, Osseyn qəhrəmanlarının simasında fransızlar özlərini, öz həyatlarını görürlər və aktyora olan hədsiz hörmət və sevgi də məhz bundan qaynaqlanır.Rober Osseynin özünün hansı sahəyə üstünlük verdiyini müəyyən etmək asan deyil, kimisi onu daha çox kino aktyoru, kimisi isə teatr sənətçisi kimi qəbul edir. Son illər teatr rejissorluğuna daha çox yer verən Rober, yalnız fransız dramaturqlarının deyil, dünya klassiklərinin əsərlərinə də dönə-dönə müraciət edir. Şekspir, Dostoyevski, Edqar Po kimi yazıçıların qəhrəmanlarını fransız səhnəsinə gətirib. O, 1970-ci ildən başlayaraq doqquz il Reymsdəki Milli xalq teatrının rəhbəri olub. 1985-ci ildə «Yuli Sezar», onun ardınca «Leon xidmətçisinin işi», «Səfillər», «İsus adında insan» və digər əsərlərə səhnə quruluşu verib və bu quruluşlar maraqla qarşılanıb. Rober Osseynin sənətə gəlişinin təkcə Fransada deyil, dünya kinosunda tənqidi realizmin formalaşdığı bir dövrə təsadüf etməsi sonradan onun yaradıcılığına müəyyən təsir göstərməyə bilməzdi. Onun fikrincə, sənət insanlara yalnız əylənmək üçün deyil, onları düşündürmək, onlara yol göstərmək, adamlarda sabahkı günə inam oyatmaq üçün lazımdır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Rober_Osseyn 

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç