Deniel Dey-Lüis

Deniel Dey-Lüis

Aktyor

BİOQRAFİYA

Deniel Dey Lüis 29 aprel 1957-ci ildə Londonda (İngiltərə) şair Sesil Dey-Lüis və aktrisa Cill Belkonun ailəsində dünyaya göz açıb. İrland əsilli atası iki yaşından etibarən İngiltərədə yaşayıb. Anası yəhudi əsillidir. Lüis uşaqlıq illərində öz davranışına görə valideynlərinin hiddətinə səbəb olur və onu Kent vilayətində yerləşən “Sevenoaks School”a göndərirlər. Bu məktəbə nifrət etməsinə baxmayaraq, o, burada maraq göstərdiyi üç sahə ilə tanış olur: ağacişləmə, aktyorluq və balıqçılıq. İki ildən sonra onu digər məktəbə, Hempşirdə yerləşən “Bedales”ə köçürürlər. 14 yaşında Lüis "Sunday Bloody Sunday" filmində çox kiçik rolda debüt edir və buna görə iki avro qazanır. O, həmin anları “cənnət” deyə təsvir edirdi. 1975-ci ildə mebel ustası olmaq üçün kursa yazılır, lakin təcrübəsizlik ona bu peşə ilə məşğul olmağa imkan vermir. Sonra Lüis “Bristol Old Vic Theatre School”a qəbul olur və üç il burada oxuyur. 1980-cı illərin əvvəllərində o, teatr və televiziyada bir sıra rollar ifa edir. 1982-ci ildə "Qandi" filmində Qandiyə daim "ilişən" Kolin obrazını canlandırıb. Lüis “Mənzərəli otaq” filmi ilə daha çox tanınır. Və nəhayət, 1989-cu ildə uğur onun üzünə gülür. Həmin il rejissor Cim Şeridanın "Sol ayağım" filmində iflic olmuş idmançı Kristi Brounun obrazını peşəkarcasına canlandırır və onlarla mükafata, o cümlədən “Ən yaxşı aktyor” kateqoriyasında "Oskar"a layiq görülür. Filmin çəkilişləri zamanı Lüis rolundan çıxmayaraq bütün çəkiliş müddəti ərzində əlil arabasında hərəkət edir. 1992-ci ildə “Sonuncu mogikan” filmi işıq üzü görür. O, filmin baş qəhrəmanını “canlandırmaq” üçün bir müddət meşədə yaşayır, ovçuluq və balıqçılığı öyrənir. Növbəti il “Ata uğrunda” filminə görə "Oskar", BAFTA və "Qızıl Qlobus"a namizəd göstərilir. Filmə görə böyük miqdarda çəki itirən aktyor bir müddət həbsxanada vaxt keçirir. Martin Skorsezenin “Günahsızlıq dövrü” filmində Vaynona Rayder və Mişel Pfayfferlə birlikdə rol alıb. 1997-ci ildən sonra Lüis çəkilişlərə beş il fasilə verir. 2002-ci ildə Skorsezenin "Nyu-York dəstələri” filmi ilə yenidən kinoya qayıdır. Leonardo DiKaprionun da rol aldığı filmdəki roluna görə Lüis yenidən bir çox mükafatlara layiq görülür, "Oskar"a namizəd olur. Lüis yenə də öz roluna uyğunlaşmaq üçün qəssab sənəti ilə maraqlanır, hətta çəkiliş zamanı pnevmaniyaya yoluxsa da, müalicədən imtina edir. 2007-ci ildə Pol Tomas Andersonun "There Will Be Blood" filmi ekranlara çıxır. Film Apton Sinkleyrin “Neft” əsəri əsasında çəkilmişdi. Lüis filmdəki roluna görə demək olar ki, bütün mümkün mükafatları qazanıb. SAG (Aktyorlar Gildiyası) mükafatının təqdimetmə mərasimində Lüis bir müddət öncə vəfat etmiş dostu Hit Leceri yad edir. 2009-cu ildə “Doqquz” filmindəki roluna görə Lüis bir qədər tənqid olunub. Lakin yenə də bəzi mükafatlara namizəd olur. 2010-cu ilin noyabrında Lüisin S.Spilberqin "Linkoln" filmində Avraam Linkoln roluna çəkiləcəyi təsdiq edilir. Film 2012-ci ilin dekabrında işıq üzü görür. 2013-cü il "Oskar" təqdimetmə mərasimində yaratdığı Linkoln roluna görə üçüncü dəfə "Oskar" mükafatına layiq görülür. Çəkildiyi əksər filmlərdə uğurlu rollar yaradan Deniel D.Lüis tarixin ən yaxşı aktyorlarından biri hesab edilir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Deniel_Dey-L%C3%BCis

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç